Turistlər üçün ümumi məsləhətlər

Turistlər üçün təlimatlar Turistlər üçün ümumi məsləhətlər

Səyahətə, işgüzar səfərə, tətilə yollanarkən həmişə maraqlı yerləri gəzmək, yeniliklər kəşf etmək, maraqlı və unudulmaz tətil keçirmək haqqında düşünürük. Bəzi hallarda yaranacaq xırda problemlər tətilimizi pozmağa və yorucu bir tətil keçirməyimizə səbəb ola bilir.

Bu səbəbdən səyahətinizi pozacaq bu kimi hallarla rastlaşmamaq üçün tətilə yollanarkən bəzi ümumi məsləhətlərlə tanış olmaq məqsədəuyğundur.

- Səyahətə yollanmazdan öncə pasportunuzdakı məlumatların dəqiqliyini diqqətlə yoxlayın. 
- Ölkəyə daxil olmaq üçün viza lazımdırsa, vizanı qabaqcadan rəsmiləşdirin.
- Səyahəti planlaşdırarkən bir sıra ölkələrdə xarici vətəndaşların daxil olması məhdud və ya qadağan olan bölgələrin olduğunu nəzərə alın.
- Keçdiyiniz yolun və giriş-çıxış tarixlərinin biletlərdəki məlumatlara tamamilə uyğun gəlməsini yoxlayın.
- Biletlərin, pasportun (həm xarici, həm də daxili) biometrik məlumatlar, viza, qeydiyyat möhrü səhifələrinin, sürücülük vəsiqəsinin, kredit kartlarının, turizm vauçerinin, dəvətnamələrin surətini çıxartmaq məsləhət görülür. O cümlədən, mütləq özünüzün və uşaqlarınızın ehtiyat pasport fotoşəkillərini götürün.
Qeyd: surətləri əsillərindən ayrı saxlamaq lazımdır.
- 18 yaşına qədər uşaqlar valideynin müşayiəti olmadan səyahətə getdiyi təqdirdə, xarici pasportdan əlavə valideynlərin (ikinci valideynin) uşağının bu şəxsin müşayiəti ilə səyahət etməsinə notarial qaydada təsdiq olunmuş razılığı və doğum haqqında şəhadətnaməsinin əsli olmalıdır.
- Səfər etdiyiniz ölkədəki Səfirliyinin və qalacağınız yerə ən yaxın olan Konsulluğunun telefon nömrələrini qeyd edin. Hava limanına uçuşdan 2 saat öncə hava limanına gəlin.
- Verdiyiniz baqajın qəbzlərini saxlayın. Gömrük bəyannaməsini (lazım olarsa) doldurmağı unutmayın.  Aviabilet, pasport, pul və digər qiymətli əşyalarınızı hər zaman üzərinizdə saxlamaq məsləhətdir.
- Avianəqliyyatda təhlükəsizlik tələblərinin sərtşəlməsi səbəbi ilə iti və kəsici əşyaların, habelə silaha bənzəyən uşaq oyuncaqları və digər əşyaların əl baqajında daşınmasına icazə verilmir.

- Otelə  çatdıqdan sonra qalma və yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirin. Giriş və çıxışların, liftlərin, pilləkənlərin yerləşməsini yaxşı öyrənin. Mehmanxananın vizit kartını götürmək və gözlənilməyən vəziyyətlərdə səlahiyyətli orqanlarla necə əlaqə saxlamağı öyrənmək məqsədəuyğun olar.
- Pulunuzu, sənədlərinizi, qiymətli əşyalarınızı otellərin çoxunda administratorun yanında və ya otaqda olan və bir qayda olaraq kiçik məbləğ müqabilində istifadəyə verilən seyfdə saxlamaq məsləhətdir. 
- Oteldən çıxdığınız hər dəfə otağınızın açarını administratorun masasında buraxmalısınız, lakin qonaq kartınızı həmişə üstünüzdə saxlayın. Çünki o mehmanxanaya daxil olmaq və taksi sürücülərinə yolu göstərmək üçün sizə lazım olar.
- Sənədləriniz, biletləriniz, yaxud kredit kartlarınız itdiyi və ya oğurlandığı təqdirdə, əvvəl polisə, sonra Azərbaycan Respublikasının Səfirliyi və ya Konsulluğuna müraciət etməlisiniz. Qrupu müşayiət edən şəxsə (belə şəxs varsa) bileti yeniləmək, bank kartını bloklaşdırmaq vacibliyi barədə xəbər verin.
- Avtomobil kirayə götürmüsünüzsə, qəza halında zərərin ödənməsi üçün həddən artıq çox xərcinizin çıxmaması və məhkəmə işi açılmaması üçün bütün sənədlərin, xüsusən sığortanın rəsmiləşdirilməsini diqqətlə yoxlayın.